Şrift ölçüsü: Kr
19 Fevral 2012

Allahsız (roman-2)

“Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” – dedi. Xüftən namazının bu son cümləsindən sonra yadına düşdü ki, namaz qılırmış. Lənət şeytana! Namaz boyu fikri İqbalın yanında olmuşdu. Canamazın üzərindəki təsbehi götürüb zikr deməyə başladı. Çalışırdı ki, heç olmaya zikr zamanı fikri Allahla olsun: “Allahu əkbər, Allahu əkbər...” – beləcə 34 dəfə “Allahu əkbər” dedi. Sözü ərəbcə deyib, onu ana dilində düşünmək problem yaratmırdı: Allah təsəvvürə sığan və sığmayan hər nədən böyükdür! Ərəbcə “Allahu əkbər” deyəndə özünü yer üzündə namaza dayanmış yüz milyonlarla bir sırada görürdü. Təsəvvüründə canlandırırdı ki, yer üzünü seyr edən Allah bəndələrinin bir ağızdan “Allahu əkbər” deməsindən razı qalır. Sovetlər İttifaqı zamanı müxtəlif millətlərdən olan əsgərlərin eyni dildə salam verib tribunadan keçməsini bir anlıq xatırladı. Dünyanın dütün ordularında belədir. Ayrı-ayrı dildə danışanlar bir dildə salam verir. Növbəti zikrdə Allaha həmd-səna, şükür: “Əlhəmdu lillah, əlhəmdu lillah...” – yəni həmd, tərif Allaha məxsusdur, yalnız O tərifə layiqdir. 33 dəfə “əlhəmdu lillah” deyib keçdi “sübhan Allah” zikrinə. Düşündü ki, buludların üzərində oturub yerə baxır. Yerdən bir pıçıltı qalxır: “Sübhan Allah, sübhan Allah...” Dünya həyatında ən pakı belə çirkabsız görməyən insanlar öz yaradanlarının paklığını zikr edir. Təsbehin son giləsinə çatdı. “Mən dünya çirkabından qurtulmaqda acizəm, Rəbbim, yardımçım ol” – düşünüb son “sübhan Allah” zikrini dedi. Vay-vay... Yenə də unutmuşdu ki, təsbehin bir giləsi qırılıb düşüb, son üçdə birdə 33 yox, 32 gilə var. Bir daha “sübhan Allah” pıçıldadı. Əlbəttə ki, Allah üçün 33, 32 ya milyon zikr deməyin heç bir fərqi yox idi. Amma bəndə bu saylarla imtahan verir, bu saylara diqqət Allaha diqqətdır. Düşüncə də ki öz yerində. Allah kimsədən qəlbin iştirak etmədiyi, necə deyərlər “hüzuri-qəlbsiz” dil ibadəti istəməyib. O, könül müştərisidir. Dil isə şeytanın önünə sədd çəkir. Qəlbdə zikrlərə atmacasını qata bilən şeytan həmin atmacaları dilə çıxara bilmir. Hikmət şeytanın qəlbdə manevrləri zamanı, Allaha üz tutub az qala bayırdan eşidiləcək səslə deyərdi: “Allahım, könlümdən keçənləri yox, dilimdən çıxanları yaz – Sən böyüksən, Sənə həmd edirəm, Sən paksan!”
Namaz boyu İqbalın qonşu qızla əlaqəsi fikrini məşğul etsə də 101 zikr boyu Allahla qala bildi. Amma canamazı qatlayan kimi İqbal qayıtdı gözünün qabağına. İqbalın 31 yaşı vardı, altı ildi evlənmişdi, özü də sevdiyi bir qızla. Ekiz oğlanları bir cüt mələyə bənzəyirdi. İbadət edən, ictimai fəaliyyətlə məşğul olan, gündə dörd-beş saatdan artıq yatmağa vaxt tapmayan ziyalı bir adamı bu əlaqəyə çəkən nə idi? Hikmət özünü günahkar saydı. Hər halda bu qız onun qonşusu idi və böyük ehtimalla İqbalın bu məhəlləyə gəl-gedi olmasaydı həmin qızı tanımazdı. Necə olub bu vaxta qədər hiss etməmişəm – deyə özünü danladı Hikmət. Xatirə bilsə dəli olacaq. Qadının xəyanətə cavabı öz içini yemək olur. Kişilərsə gücü verir qarşı tərəfi cəzalandırmağa - əlbəttə ki, adətən!
Telefonun zəngi Hikməti fikirdən ayırdı. Bəlkə də bir saatdı qatlanmış canamazın önündə oturub fikrə getmişdi. Ayağa qalxıb telefona yaxınlaşdı. Dəstəyi qaldırdı:
-Bəli, eşidirəm.
-Salam, Hikmət, mənəm, Xatirə.
-Salam, bacım, necəsən?
-Sağ ol, Hikmət. İqbalı bir dəqiqə olar?
-İqbal? İqbal çoxdan çıxıb burdan. Hələ gəlməyib?
-O demişdi səninlə işi var, gecə yarıyadək ancaq başa çatar.
“Fırıldaq!” – Hikmət ürəyində ittiham etdi İqbalı. Bunlar necə yalan danışır! Özünə söz vermişdi ki, heç bir halda, hətta məsləhət olsa belə yalan danışmasın.
-Xatirə, səbəbini özündən soruşarsan. Yarım saat oturub qalxdı ayağa. Telefonu cavab vermir?
-Telefonu söndürüb... – bir həyəcan, nigarançılıq vardı Xatirənin səsində.
-Çalışaram əlaqə saxlayım. Narahat olma. İqbalı tanıyırsan, küləklə yoldaşdı. Bir şey lazımsa mənə de.
-Yox, heç nə lazım deyil. Bilmək istəyirdim ki, gedəndə açar götürüb ya yox. Yaxşı, gecən xeyrə qalsın.
-Gecən xeyrə - dedi Hikmət. İttiham etdi İqbalı. Qadının ürəyi əsir ki, əri gecə yarı gəlib qapıda qalar, ərsə... Özünə söz verdi ki, sabah İqbalın suyunu çıxaracaq.

19 fevral, 2012
 

168 dəfə baxılıb
gözləyin...