İslam dininin əbədiliyi və globallığı
Nurəddin Əliyev
İslam dininin digər dinlərdən fərqli cəhətlərindən biri onun globallığı və əbədiliyidir. İslam dininin globallığı onun xüsusi bir məkana, eləcə də xüsusi bir xalqa məxsus olmayıb bütün dünyüya aid olmasıdır. İslam dininin əbədiliyi dedikdə isə onun qiyamət gününədək yaşayacaq bir din olması nəzərdə tutulur. İslamın əbədi və global bir din olmasına bir çox Quran ayələrində və hədislərdə işarə olunmuşdur. İslamın əbədi din olmasını vurğulayan ayələrə misal olaraq Əhzab surəsinin 40-cı ayəsini göstərmək olar: "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!" Aydındır ki, Həzrət Muhəmmədin sonuncu peyğəmbər olması onun şəriətinin əbədiliyinə və ondan sonra heç bir şəriətin gəlməyəcəyinə aşkar bir dəlildir. İslamın global bir din olmasına da bir çox ayələrdə işarə olunmuşdur. Buna misal olaraq Quranın "ey insanlar, ey Adəm övladları" deyərək bütün insanlara müraciət etməsini göstərmək yetərlidir. Bir sözlə İslam dini ilə azacıq tanışlığı olan hər bir kəs bilir ki, bu din bütün insanları özünə tərəf çağırır. Lakin burada araşdırılması zəruri olan məsələ budur ki, əgər İslam dini bütün insanları özünə dəvət edirsə, görəsən hədəfin reallaşması nə dərəcədə mümkündür? Görəsən hansı amillər bu hədəfin gerçəkləşməsinə kömək edir? Başqa sözlə desək, İslamda belə bir cazibədarlıq və qəlblərə nüfuz etmək qüdrəti vardırmı ki, bütün insanlar tərəfindən qəbul olunsun? Hər hansi bir ideologiyanın cazibədarlığı və qəlblərə nüfuz etmək qabiliyyəti bir tərəfdən onun əql və məntiqlə uyğun olmasından, digər tərəfdən isə insanların bütün maddi və mənəvi istəklərini nəzərə almasından asılıdır. Buna görə də, burada əvvəlcə İslamın əqli və məntiqi din olmasına, sonra isə insanların istəklərinə necə diqqət yetirməsi məsələsinə toxunacağıq. İslam məntiqi dindir İslamın əqli və məntiqi bir din olmasını bilmək üçün Quranın Allah və peyğəmbərlər haqqındaki dərin məzmunlu sözlərini Yaqub peyğəmbərin Allahla güləşib Onu məğlub etməsindən bəhs edən, peyğəmbərlərin günahkar və hətta adi insanlardan da aşağı səviyyədə olduğunu söyləyən Tövrat və İncillə müqayisə etmək kifayətdir. Lakin Avropada intibah dövründən sonra humanizm, liberalizm və s. cərəyanların yaranması ilə İslam dinində bir sıra cinayətlər üçün müəyyən edilən cəza qanunlarına qarşı qalxan etiraz dalğalarını və bu qanunların əql və məntiqlə uyğun olmadığı haqda yürüdülən fikirləri nəzərə alaraq burada bu məsələyə toxunmağı daha zəruri bilirik. Digər məsələlərlə bağlı isə əziz oxucular lazımi kitablara müraciət edə bilərlər. Hər şeydən öncə qeyd etmək lazımdır ki, İslam dini ilə liberalizm arasıdaki bu fikir müxtəlifliyi bu iki məktəbin insan haqqıda baxışlarındaki fərqlilikdən qaynaqlanır. Liberalistlər insana yalnız maddi varlıq olaraq baxdıqları üçün onunla heyvanlar araslnda kəskin bir fərq görmürlər. İslamın nəzərində isə insan sonsuz istedadlara malik olan və Allahın göstərişlərinə əməl etdikcə kamilləşib Onun ən üstün məxluquna çevrilə bilən bir varlıqdır. Şübhəsiz ki, öz övladında bir sıra istedadların olduğunu görən hər bir valideyn onun tərbiyəsinə ciddi yanaşacaq, heç vaxt onun tənbəl və ərköyün böyüməsinə razı olmayacaq, hətta yeri gəldikdə tənbeh etməklə olsa belə onu çətinliklərə qatlaşmağa vadar edəcəkdir. Aydındır ki, bu valideynlərin öz uşaqlarının tərbiyəsində ciddi davranması onların öz övladlarına qarşı olan sevgisindən qaynaqlanır. Çünki bu istedadların korlanıb aradan getməsi böyük bir sərmayənin itirilməsi deməkdir. Odur ki, İslam dini hər şeydən əvvəl insana öz istedadlarını tanıtdırır və ən dəqiq şəkildə işlənmiş proqramla onu kamillik yolunda hərəkət etməyə həvəsləndirir. Digər tərəfdən isə bu proqramın tam müvəffəqiyyətlə həyata keçməsi üçün sağlam cəmiyyət qurmağa çalışır. Bu sağlam cəmiyyətin qurulmaqsında ilk növbədə çalışır ki, insanlar günahın çirkinliyini dərk edərək özləri şüurlu surətdə ondan çəkinsinlər. Sokratdan "fəlsəfənin sənə xeyri nə olub?"- deyə soruşulduqda "başqalarının qanun qorxusundan etdiklərini mən könüllü surətdə etməyə başladım"- deyərək cavab verdi. İslamın tərbiyə sisteminin əsasını təşkil edən əxlaq və irfan elmləri insanları maarifləndirmək və günahların çirkinliyini və pis aqibətini onlara çatdırmaq vəzifəsini öz üzərinə götürür. Əlbəttə İslami tərbiyə sisteminin icra olunduğu bir cəmiyyətdə cəza qanunlarınin tətbiq olunmasına o qədər də ehtiyac qalmır. Lakin bununla belə günahların cəmiyyətdən tamamilə təmizlənməsi üçün İslam dini hüquq elmində də bir sıra tədbirlər müəyyən etmişdir ki, günahın çirkinliyini dərk etməyənlər heç olmazsa qanundan qorxub günahı tərk etsinlər. Hər halda İslam dinində müəyyən edilmiş bu qanunlar insanlara olan sevgidən və öncə qeyd edildiyi kimi bu dinin insanları kamilliyə və əbədi səadətə çatdırmaq istəyindən irəli gəlir. Əksinə liberalizm təfəkkürünə əsaslanan hüquq məktəblərində müəyyən edilmiş qanunlar liberalizmin öz hədəfi ilə ziddiyyət təşkil edir. Çünki liberalizmin hədəfi insanların asayişini maksimum dərəcədə təmin emək olduğu halda ölüm hökmünün ləğv olması asayişin daha da pozulmasına səbəb olur, çünki törətdiyi cinayətə görə uzaq başı həbs olunacağını bilən hər bir cani onlarla insanı öldürməkdən belə çəkinməz. Halbuki əgər qisas hökmü hətta bir dəfə belə icra olunarsa başqaları da ibrət dərsi götürər və heç vaxt kimisə öldürmək fikrinə düşməzlər. Odur ki, Bəqərə surəsinin 179-cu ayəsində buyurulur: "Ey ağıl sahibləri qisas sizin üçün həyat deməkdir. Bəlkə bununla pis işlərdən çəkinəsiniz." Bunu da qeyd etmək lazımdır ki, humanizm, liberalizm və digər bu kimi cərəyanlar orta əsrlərdə Avropada katolik kilsəsinin törətdiyi bir çox cinayətlərin nəticəsi olaraq yaranmış və Xristian dini ilə İslam arasındaki fərqləri nəzərə almadan bütün dinlərə, o cümlədən İslama qarşı mübarizəyə başlamış və onun cəmiyyətdəki rolunu minimum səviyyəyə endirməyə çalışmışdır. Halbuki İslam dini katolik kilsəsinin qarşılaşdığı problemlərlə heç vaxt üzləşməmişdir. Buna görə də, Avropa üçün nəzərdə tutulan reseptlərin İslam dini üzərində icra olunması qəbulolunmaz bir haldır. İslam və insanların istəkləri Əbədi yaşamaq istəyən hər hansı bir ideologiya insanların bütün maddi və mənəvi istəklərini təmin edən bir proqram hazırlamalı, bu istəklərin bir-biri ilə ziddiyyət təşkil etdiyi yerlərdə isə öz proqramını elə tənzimləməlidir ki, ən yüksək nəticə əldə olunsun. Məsələn, insanda həm maddi, həm də mənəvi istəklər vardır. Kamil ideologiya insanda olan bu hər iki növ istəklərə diqqət yetirməli və hər birinin həddini və hüdudunu dəqiq şəkildə müəyyənləşdirməlidir ki, bir-birinə zərər vurmasın. Orta əsrlərdə Avropada keşişlərin insanları ifrat dərəcədə mənəvi məsələlərə sövq etmələri intibah dövründən sonra insanların ifrat şəkildə maddi istəklərə üz tutmaları və dindən üz çevirmələri ilə nəticələndi. İslam dini isə bu cür ifratçılıqdən uzaq olan və həmişə insanları orta xətt üzrə hərəkət etməyə çağıran bir dindir. Bəqərə surəsinin 143-cü ayəsində buyurulur: (Ey müsəlmanlar!) Beləliklə sizi orta yolun ümməti etdik ki, (qiyamətdə) insanların əməllərinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. Odur ki, İslam dini insanların maddi istəklərini nəzərdən qaçırmamış, həmişə insanları dünya nemətlərindən normal miqdarda bəhrələnməyə çağırmışdır. Quran Bəqərə surəsinin 201-ci ayəsində necə dua etmək lazım olduğunu möminlərə öyrədir: Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru! Qəsəs surəsinin 77-ci ayədə buyurulur: Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. Həmçinin İmam Baqir (ə) buyurur: Başqalarına möhtac olmamaq və öz ailəsinin ruzisini təmin etmək üçün çalışan kəs Allah yolunda cihad edən şəxs kimidir. İnsanın ruhi və mənəvi istəklərinə gəlincə isə qeyd etmək lazımdır ki, psixoloqların fikrincə insanlarda başlıca olaraq dörd cür mənəvi istək vardır: 1.Din hissi. Din hissi dedikdə hər bir insanın öz qəlbinin dərinliklərində duyduğu Allah sevgisi nəzərdə tutulur. İnsanların qəlbində hansısa bir gizli qüvvə onu öz Yaradanı qarşısında kiçilməyə və bütün ehtiyaclarını Ondan istəməyə vadar edir. Arxeoloqların apardıqları tədqiqat nəticəsində məlum olmuşdur ki, bu mənəvi istək və duyğu tarixin bütün zamanlarında insanlarla birgə olmuşdur. Bu hiss insanın çətinliklərlə üzləşdiyi və bütün çıxış yollarının üzünə bağlandığı halda daha güclü şəkildə ozünü büruzə verir. Belə bir vəziyyətdə yalnız Allaha sığınmaqdan başqa bir yol görməyən şəxs Allahı xatırladıqda qəlbində aramlıq hiss edir, bütün iztirablar və nigarançılıqlar ardan gedir. Rəd surəsinin 28-ci ayəsində buyurulur: O kəslər ki, Allaha iman gətirmiş və Allahı zikr etməklə qəlbləri aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar! Materialistlər insanda olan Allah eşqinin heç vaxt sönməyəcəyini nəzərə almadan bu mənəvi duyğunu aradan aparmağa çalışdılar. Lakin nəticə etibarı ilə özləri aradan getdilər. İslam dini isə əksinə olaraq, insanın təkamülünü və səadətini onun Allaha yaxınlamasında gördüyü üçün bu hissi gücləndirməyə və onu düzgün şəkildə istiqamətləndirməyə çalışır. Quranın bir çox ayələrındə Allahın insana hər bir kəsdən daha doğma və daha yaxın olduğu bildirilir: Siz harada olsanız, O sizinlədir. (Hədid 4). (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə 186). Biz insana şah damarından da yaxınıq! (Qaf 17). Ümumiyyətlə, Quranın məntiqinə əsasən insanın Allahi unutması öz həqiqətini unutması, özünün özünə yadlaşması və özgələşməsi deməkdir. Həşr surəsinin 19-su ayəsində buyurulur: Onlar Allahı unutduları üçün Allah da onları özlərinə unutdurdu.. Əlbəttə başqa dinlər də bu ehtiyacın təmin olunmasında müəyyən qədər rol oynayırlar. Lakin İslam dini digər sahələrdə olduğu kimi bu məsələdə də öz proqramının dəqiqliyi ilə fərqlənir. Misal olaraq, gündəlik namazları vacib edərək insan ilə Allah arasında olan əlaqənin sıx şəkildə qorunmasına çalışır. Həmçinin, insanlara birbaşa olaraq Allahdan öz günahlarının bağışlanmasını istəməyə icazə vermişdir. Halbuki Xristian dininə əsasən adi insanlar belə bir hüquqa malık deyildirlər və yalnız keşişlərin vasitəsilə bu işin həyata keçməsi mümkündür. 2.Əxlaq hissi. Hər bir insan öz daxilində yaxşı işlər görməyə ehtiyac hiss edir. Məsələn, köməyə ehtiyacı olan bir şəxsə əl tutduğu zaman özündə sevinc və rahatlıq hissi duyur. Əksinə birinə zülm etdikdə isə vicdanı onu mühakimə etməyə başlayır, beləliklə tutduğu işdən əzab çəkir və peşmançılıq hissi keçirir. Bu hiss insanın həyatının erkən çağlarından özünü göstərməyə başlayır. Lakin insandakı yaxşı işlər görməyə olan bu istəyin sürəkli şəkildə təmin olunması onun dini təfəkkürə malik olmasından, başqa sözlə desək məada inamdan asılıdır. İslam dini məada etiqadı insanlara aşılamaqla əxlaq hissini gücləndirir. Yeniyetməlik və gənclik çağında bu hissin təsiri altında başqalarına yaxşılıq edən şəxs dini tərbiyə ilə böyümədikdə tədricən onda belə bir fikir formalaşır ki, maddi mənfəət xatirinə xəyanət etmək, yalan danışmaq olar və belə bir yerdə qəlbin sözünü deyil "ağlın" sözünü dinləmək lazımdır. Odur ki, bu cür insanlar şəhvət və pul xatirinə heç bir zülm və xəyanətdən çəkinmir və vicdanın sözünü dinləməyi ağılsızlıq hesab edirlər. Halbuki dini təfəkkür əsasında qəlblə ağıl arasında olan bu ziddiyyət aradan götürülür. Çünki məada etiqad sayəsində insan başa düşür ki, onu etdiyi hər bir yaxşılığın əvəzində mükafat və hər bir pisliyin əvəzində isə cəza gözləyir. Kapitalist əqidəli insanlar isə yalnız şəhvətlərinin və maddi istəklərinin qayğısına qalmaqla öz mənəvi ehtiyaclarını unutmağa çalışırlar. Bu ona bənzəyir ki, insan tərkibidə yağ olan qidalar yeməklə bədəninin proteynə olan ehtiyacını təmin etsin. Halbuki yağ nəinki proteynə olan ehtiyacı aradan qaldırmır, hətta onun normadan artıq istifadəsi bədən üçün zərərlidir. Bu günkü dünyada yaranan mənəvi böhranların, tez-tez baş verən intihar hallarının və cinayətlərin səbəbi insanların öz şəhvətlərinin əsiri olmaları, öz mənəvi ehtiyaclarını lazımi şəkildə təmin etməmələri və onları görməməzliyə vurmalarıdır. 3. Maraq hissi. İnsanlarda olan digər ruhi istək elm və bilik istəyidir. İnsan ətrafında olan hər bir şeylə maraqlanır və onu tanımağa can atır. Hətta bir sıra sualların onun üçün maddi mənfəəti olmadığı halda yenə də onların cavablarını bilməyə çalışır. İntibah döründən sonra dinə qarşı yönələn iradlar qarşısında davam gətirə bilməyən katolik kilsəsi dinlə elmin bir-biri ilə heç bir əlaqəsi olmadığını elan etdi. Hətta Tövrat kitabına əsaslanaraq elm öyrənməyin dində qadağan olduğunu söylədilər. Buna görə də uzun müddət Avropada belə bir fikir formalaşdı ki, insan həyatda özü üçün yol seçdiyi zaman ya iman gətirib din yolunu seçməli, ya da bilk əldə edib elm yolunu tutmalıdır. İslam dini isə həmişə insanlarda olan bu hissi cilalayıb üzə çıxarmağa çalışmış, onları bilik əldə etməyə təşviq etmiş və elmlə məşğul olmağı ibadət hesab etmişdir. Əziz Peyğəmbərimiz (ə) buyurur: Bir saat elmlə məşğul olmaq altmış illik ibadətdən üstündür. Hikmət möminin itkisidir, harada tapsa götürər. Hətta Çində olsa belə elm dalinca gedin. Peyğəmbərin (ə) bu hikmətli sözlərindən ilham alan müsəlmanlar tez bir zamanda bütün elmlərə yiyələnməyə başladılar. Təsadüfi deyildir ki, Mədinə məscidində tədris edən İmam Sadiqin (ə) dərslərində yüzlərlə tələbə və dinləyici iştirak edirdi. Müsəlmanlar özləri bir çox yeni elmlər yaratmaqla yanaşı yunanlardan da bir sıra elmlər əxz edərək təkmilləşdirdilər və bu günkü dünya mədəniyyətinə bəxş etdilər. Bunu da qeyd etmək lazımdır ki, dünyanın ən qədim universiteti olan əl-Əzhər universiteti müsəlmanlar tərəfindən təsis olunmuşdur. 4.Gözəllik hissi. İnsan, ruhunu oxşayan hər bir şeyi sevir: gözəl mənzərə, gözəl səs, gözəl şer, gözəl söz... İnsanda gözəlliklərə qarşı olan bu istəyə zövq hissi də deyilir. Ədəbiyyat və incəsənət insandaki bu hissin məhsuludur. İslam dini insanda olan bu istəyə nəinki mane olmamışdır, hətta demək olar ki, bu günkü dünya mədəniyyəti bir çox bir ədəbiyyat və incəsənət əsərlərinə görə İslam mədəniyyətinə borcludur. Sözün gözəlliyinə ən bariz misal Həzrət Əlinin (ə) Nəhc ül-bəlağə adlı kitabda toplanmış kəlamlarıdır. Quranın, bütün insanların qəlbini fəth edən və başqa heç bir dini kitabda misli olmayan avazla oxunuşu gözəlliyin başqa bir nümunəsidir. Müsəlman xalqlarının müğam sənəti də məhz Quranın musiqisi əsasında yaranmışdır. 13-14-cü əsrlərədək bütün müsəlman xalqları vahid muğam məktəbinə malik idilər. Mongolların və Teymurun hücumu nəticəsində bu məktəb süqut etdi və yalnız 17-ci əsrdən sonra müsəlman xalqları, o cümlədən Azərbaycan xalqı əvvəlki məktəbin materiallarından istifadə etməklə hər biri özünə məzsus muğam binasını ucaltdılar. Bu günkü dünyanın ən gözəl abidələrinin bir çoxu müsəlman memarları tərəfindən tikilmişdir. İslam irfan ədəbiyyatının türk, ərəb və fars dillərində yaratdığı misilsiz şerlər ədəbiyyat əsərlərinin ən gözəl nümunələridir. İslam dininin ədəbiyyat və incəsənət sahəsində dünya mədəniyyətinə töhfə etdiyi əsərləri saymaq üçün geniş vaxt lazımdır və bu barədə bir çox kitablar yazılmışdır. Lakin burada diqqət yetirilməsi lazım olan məsələ budur ki, bütün gözəlliklərin mənbəyi Allahdır, başqa sözlə desək bütün gözəlliklər Ulu Yaradanın gözəlliyinin cilvəsidir və bütün gözəlliklər yalnız Allahı insana xatırlatmaq üçündür. Odur ki, Allahı deyil, eyş-işrəti xatırladan musiqilərin, bayağı rəqslərin və ehtirasları oyadan pozğun rəsmlərin İslam dinində qadağan olunması da təbii haldır. Buradan, İslam dininin incəsənətlə düşmən olduğu haqqındakı təsəvvürlərin yalnış olduğu aydın olur. Çünki bütün bunlar, üzərinə incəsənət etiketi yapışdırılıb insanlara mədəniyyət adı ilə təqdim olunmasına baxmayaraq gözəllik hissinin deyil, şəhvət hissinin məhsuludur. Yuxarıda qeyd edildiyi İslam dini insanlarda olan istəkləri aradan aparmır, yalnız onları düzgün istigamətə yönəldir və bu istəkləri təmin etməyin məqsədyönlü şəkildə olmasını tövsiyə edir. Odur ki, şəhvət hissini ifrat dərəcədə doyurmaq insanda olan digər hisslərə, xüsusilə mənəvi duyğulara ziyan vurduğu üçün İslam dini bu hissin əhatə dairəsini məhdudlaşdırmışdır. Bütün bu deyilənlər əsasında bu nəticəyə gəlmək olar ki, İslam dini həm əql və məntiqlə, həm də fitrətlə uyğun olan və insanların bütün istəklərini nəzərə alan bir dindir. İslam dininin məhz bu xüsusiyyəti onun əbədi olaraq yaşayacağının zəmanətçisi və yaxın bir zamanda bu dinin bütün dünyaya yayılacağının müjdəçisidir. Bununla da Allahın Quranda verdiyi vədəsinin haqq olduğu tam çəkildə aydın olur: İslama bütün dinlər üzərində zəfər qazandırmaq üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Səff, 9).





