İran Astaranı nəzarətə götürüb?
Musavat yazır ki, İran İslam Respublikasının hərbi vertolyotu Azərbaycan sərhədini pozub. Bu barədə teleqraf.az-a hadisənin şahidi olmuş Azərbaycanın Astara rayonunun sakinləri məlumat verib. Vertolyotun sərhəd yaxınlığındakı xəstəxananın üzərində iki dəfə dövrə vurduğunu deyən şahidlərin sözlərinə görə, həmin vaxt insanlar təlaşa düşüb və qaçaqaç yaranıb.
“İcra başçısı da xəstəxananın həyətində idi. O və digər məmurlar da bu hadisəni gözləri ilə gördülər. Hətta icra başçısı qaçaraq xəstəxananın həyətindən uzaqlaşdı. Burada xırdavat satan bir çinli var. Onun satdığı durbini götürüb dəqiq baxdıq və gördük ki, vertolyot İrana məxsusdur”, deyə, şahidlər bildiriblər.
Qeyd edək ki, İran vertolyotunun üzərində dövrə vurduğu xəstəxana əsaslı təmir olunub və hazırda orada tamamlanma işləri aparılır. Martın 1-də prezident İlham Əliyev həmin xəstəxananın açılışında iştirak etməlidir.
Bu xəbəri Astara Rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirməyə çalışdıq. İcra hakimiyyəti aparatının ümumi şöbəsinin müdiri Ələsgər Əliyev bildirdi ki, onda belə məlumat yoxdur: “Mən otaqda olmuşam, elə bir hadisənin baş verdiyini görməmişəm”. İcra hakimiyyətinin rəsmisi məsləhət gördü ki, bu xəbəri dəqiqləşdirmək üçün Dövlət Sərhəd Xidmətinə müraciət edək. “Yayılmış xəbərə görə, icra hakimiyyətinin başçısı özü də İran vertolyotunun xəstəxananın üzərində uçmasını görüb. Bəs siz bu insident barədə nəsə eşitmisizmi” sualına cavab olaraq Ə.Əliyev dedi ki, Astara rayon mərkəzi xəstəxanasının yaxınlığında İran xəstəxanası da fəaliyyət göstərir: “Ola bilsin, həmin xəstəxanaya gələn təcili yardım vertolyotunu görüblər”. Bununla belə, icra hakimiyyətinin rəsmisi istənilən halda xəbərlə bağlı Dövlət Sərhəd Xidmətinin şərh verməli olduğunu xatırlatdı, ancaq vəd etdi ki, məsələni dəqiqləşdirə bilsə bizə məlumat verməyə çalışacaq. Gün ərzində Ə.Əliyevlə ikinci dəfə əlaqə saxladıqda isə o, “bayaq dediklərim qüvvəsindədir, elə problemli hadisə baş verməyib”, deməklə kifayətləndi.
Dövlət Sərhəd Xidməti isə yalnız günortadan sonra sözügedən insidentlə bağlı rəsmi açıqlama yaydı.
Dünən Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan hava sərhədinin İran vertolyotu tərəfindən pozulması barədə məlumatlara dair açıqlama verilib. DSX-dan APA-ya bildirilib ki, fevralın 21-i də daxil olmaqla son günlər Astara istiqamətində Azərbaycan-İran hava sərhədinin pozulması halı baş verməyib.





