İslam Partiyası Qərbin sifarişi ilə yaradılmayıb
Hacı Möhsün Səmədov: "Adımızın İranla birgə çəkilməsi ilə fəxr edirik" İslam Partiyası (AİP) vahid ideya ətrafında birləşən və xalqın mənəviyyatının saflaşdırılması, milli mentalitetimizin yadların təsiri altına düşməməsi istiqamətində fəaliyyət göstərdiyindən çox vaxt tənqidlərə məruz qalır. Xüsusən də bəzi qüvvələr onların İrana işlədiyini deyərək partiyanı hədəfə alırlar. AİP sədri Hacı Möhsün Səmədovla müsahibəmizi də bu və ya digər məqamlar üzərində qurduq. Partiya sədri bildirdi ki, onların əsas məqsədi ictimai-siyasi proseslərdə fəal iştirak etməklə yanaşı, dini maarifçilik, mənəviyyat və islami dəyərlərin cəmiyyətə aşılanması istiqamətində fəaliyyət göstərməkdir. - Partiya yarandığı gündən bu vaxtadək yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində fəaliyyət göstərib. Bundan sonra da belə olacaq. Biz heç vaxt dövlət və dövlətçilik əleyhinə çıxış etməmişik. Bizim bir vətənimiz var - Azərbaycan, bir yolumuz var - islam. Bu yol isə haqq-ədalət, saflıq yoludur. Partiyamızın adında "islam" sözünün olmasından qorxmaq və ya ehtiyat etmək lazım deyil. Amma çox təəssüf ki, bunu belə başa düşürlər. "Ədalət", "Vəhdət" sözləri də islami adlardır. Hansı ki bu adlar altında qeydiyyata alınıblar. İslam Partiyası bütün siyasi prosesləri izləyir və daim öz vahid mövqeyini ortaya qoyub. Məsələn, Dağlıq Qarabağ məsələsində bildirmişik ki, ATƏT-in Minsk Qrupu bu problemin həllində maraqlı deyil. Qərb bu məsələdə yalnız öz marağını güdür. Nəticəsi də bizə məlumdur. Çox təəssüf ki, özünü ana müxalifət adlandıranlar bu məsələyə biganə yanaşırlar. Amma müsəlman ölkəsi olan Azərbaycanda bir İslam Partiyasının qeydiyyata alınmaması çox təəccüblüdür. Halbuki Qərbin bir sıra ölkələrində islami təşkilatlar və qurumlar qeydiyyata alınıb. Buna Böyük Britaniyanı misal çəkə bilərəm. - İslam adından qorxanlar, onu radikalizmlə bağlayanlar da mövcuddur... - Birincisi, bu kimi insan və qüvvələr çox azdır, getdikcə azalır. İkincisi də onların düşüncəsi əqidələrinə bağlıdır. Onlar islamı radikal qüvvə kimi dünyaya tanıtdırmaq niyyətindədirlər, islamın gözəlliyini, paklığını görürlər, əqli cəhətdən dərk edirlər. Sadəcə, onu qəbul etmirlər. Qeyri-islam aləmində başa düşürlər ki, ola bilməz ki insan dünyaya gəlsin, onun üçün qanun yaradan tərəfindən tənzimlənməsin. Çünki islamın insan həyatının bütün sahələrinə dair öz sözü var. İslamın mahiyyətində qeyri-təbii heç nə yoxdur ki, onu radikallıqla bağlasınlar. - Yetərincə nüfuza malik olan İslam Partiyası özünü ana müxalifət adlandıran qüvvələrlə niyə bir arada fəaliyyət göstərmir? - Bizim partiya Qərbin sifarişi ilə deyil, xalqın iradəsindən, zərurətdən yaradılıb. Çünki islam xalqın əqidəsidir. Müsəlman ölkəsi olan Azərbaycanı islamsız təsəvvür etmək qeyri-mümkündür. Özlərini ana müxalifət adlandıran partiyaların tutduğu yol Qərbin yoludur ki, xalqımızı milli mentalitetindən, islami əqidəsindən uzaqlaşdırmağa yönəlib. Bir siyasi bayraq altında müxtəlif adlarda fəaliyyət göstərirlər. Ana müxalifətin bu vaxtadək apardığı siyasət yalnız Qərbin diktəsi ilə olub. Biz isə bunu qəbul etmirik, çünki islamın qanun-qaydalarına, dövlət və dövlətçiliyimizə ziddir. Amma bir məqamı da vurğulayım ki, istər müxalifət, istər iqtidar olsun, bizim üçün əsas onların fəaliyyətinin haqq-ədalət üzərində qurulmasıdır. Əgər həmin partiyalar milli-mənəvi dəyərlərimizə, islami adət-ənənələrimizə hörmətlə yanaşırlarsa, onlarla bir yerdə ola bilərik. Fəaliyyətlərini yalnız şəxsi iddiaları üzərində quran, şəxsi maraqlarını milli maraqlardan üstün tutan, Qərbə baş əyən qüvvələrə müxalifətdə olacağıq. - AİP ana müxalifəti Qərbə işləməkdə necə ittiham edirsə, onlar da sizi İrana işləməkdə günahlandırırlar... - Düzdür, bu mövzu çoxdandır. Amma məqsədyönlü şəkildə ortaya atılıb. İslam ölkəsi olan İranla münasibətlərimizin yaxşı olması təəccüblü deyil. Əksinə, pis olsaydı, təəccüblü görünərdi. Adımızın İranla yanaşı çəkilməsindən fəxr duyuruq. Onların məqsədi həm partiyanın, həm də İran dövlətinin nüfuzuna xələl gətirməkdir. Qərb daim dinimizə və islam ölkəsi olan İrana qarşı haqsız mövqedən çıxış edib. İran islami dövlətdir və islami qanunlarla idarə olunur. İslam olan yerdə də cəmiyyət saflaşır, mübarizləşir. Bu isə Qərbi narahat edir. Azərbaycandakı ana müxalifətlə Qərbin fikirləri üst-üstə düşdüyündən biz islamçılar İranpərəst oluruq. Burada nə qəbahət var? İran daim Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İslam Konfransı Təşkilatının üzvü kimi həmişə rəsmi Bakının mövqeyindən çıxış edib. İran hər il ermənilərin işğalı nəticəsində qaçqın və köçkün düşən minlərlə soydaşımıza yardım göstərir. BMT Baş Assambleyasının 62-ci sessiyasında Qafqazda "dondurulmuş münaqişələr"in müzakirəyə çıxarılmasına səs verən dövlətlərdən biri də İran olub. Bəs ana müxalifəti himayə edən ölkələrin Azərbaycana mövqeyi necədir? Götürək elə Minsk Qrupunun həmsədr ölkələrini. BMT Baş Assambleyasının iclasında onlar Azərbaycanla bağlı məlum məsələyə etiraz ediblər. 15 ildən çoxdur Dağlıq Qarabağ məsələsində vahid mövqe tutmurlar. Bu və ya digər formada məsələnin həllini bilərəkdən yubadırlar. Biz Azərbaycanda ana müxalifəti himayə edən belə dövlətlərin həmişə əleyhinə çıxmışıq. Çünki onlar Azərbaycanın düşmənidirlər. ABŞ Dağlıq Qarabağ məsələsini sülh yolu ilə necə həll edə bilər ki, özü Əfqanıstan və İraqda qan töküb. İndi isə Qərb tərəfindən İranda nüvə proqramı şousu ortaya atılıb. On minlərlə dinc fələstinlini qətlə yetirən İsrailə Qərb necə göz yumursa, erməni işğalına da elə münasibət bəsləyir. Amma İran sülhün təminatçısı rolunda çıxış edir, əmin-amanlıq istəyir. Çünki dövlət islami dəyərlərlə idarə olunur. İslamda isə zor, güc lənətlənir. - İranın Dağlıq Qarabağ məsələsinin həllində vasitəçi olmaq təklifini necə dəyərləndirirsiniz? - Şəxsən mən təkcə İranın deyil, Türkiyənin də bu məsələdə fəallığını alqışlayıram. İnanıram ki, əgər bu iki dövlət münaqişənin həllində vasitəçi olsalar, məsələ qısa zamanda həllini tapacaq. Minsk Qrupu ləğv olunmalı və antiazərbaycan mövqedən çıxış etdiyi üçün Beynəlxalq Məhkəməyə verilməlidir. Dağlıq Qarabağ məsələsinin həllində vasitəçilik missiyası İran və Türkiyəyə, eləcə də haqq-ədaləti tanıyan digər dövlətlərə həvalə olunmalıdır. - Amma İranı ermənilərin mövqeyini dəstəkləyən ölkə kimi də qəbul edirlər... - Bu da Qərbin planının tərkib hissəsidir. Qərbin əsas niyyəti İran - Azərbaycan münasibətlərinin pisləşməsidir. Ermənistanla əlaqələrinə görə İran ittihamlanır. Halbuki Azərbaycanın daxilindəki bəzi qüvvələr Ermənistanla əməkdaşlıq edirlər. Məgər ABŞ, Fransa, Rusiya və digər dövlətlərin Ermənistanla əlaqələri mövcud deyil? İndi Türkiyə Ermənistanla əlaqələrinin bərpasına çalışır. Deməli, rəsmi Tehran heç də səhv siyasət yürütməyib. Bölgənin güclü dövlətlərindən olan İran heç vaxt istəməz ki, qonşu Azərbaycanda münaqişə yaşansın. Bunu istəsəydi, başqa siyasətdə olardı. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması İranın xeyrinə deyil, əksinə, ziyanınadır. Çünki bölgədə sabitlik pozulub. - Deməli, İslam Partiyası İrana düşmən dövlətləri özünə düşmən sayır... - İrana düşmənlər nəinki islam partiyasına, bütün islama, haqq-ədalət tərəfdarı olanlara düşməndir. 5 milyon günahsız insanı torpağından didərgin salan bir dövlətin siyasətini, fələstinlilərə qarşı qətliamını nəinki İran və İslam Partiyası, düşünmürəm ki, haqqın tərəfində olan dövlət, Azərbaycanda hər hansı bir vicdanlı təşkilat rahat qəbul edə. - Yas mərasimlərinin məhdudlaşdırılması, hicaba qadağa, məscidlərin sökülməsi... - Bütün bunlar islama yönəlib. Yas mərasimlərini məhdudlaşdırmaqdansa, insanların sosial rifahının yaxşılaşdırılması barədə düşünmək lazımdır. İnsanları islamdan azdırmaq üçün müxtəlif yollara əl atılır. Narkomaniya, əxlaqsızlıq baş alıb gedir... - Amma Azərbaycana narkotik vasitələr daha çox İrandan gətirilir... - Buna da səbəb qonşu Əfqanıstandır. Çünki ABŞ Əfqanıstanı işğal etdikdən sonra burada narkotik vasitələrin istehsalı artıb. ABŞ-ın bilavasitə nəzarətində olan Əfqanıstandan narkotik vasitələr İrana daşınır. Amma İran buna qarşı yüksək səviyyədə mübarizə aparır, nə qədər də itki verib. Elə Avropanın bəzi beynəlxalq təşkilatları öz hesabatlarında rəsmi Tehranın bu məsələdəki rolunu xüsusi vurğulayıblar. - Prezident seçkilərində iştirak etməyən islamçıların dövlət başçısının siyasətinə münasibəti necədir? - Dövlət başçısının fəaliyyəti cəmiyyətin rifahı, inkişafı ilə ölçülür. İnsanların sosial rifahı yaxşıdırsa, dövlətin ərazi bütövlüyünün təmin olunmasına çalışılırsa, iqtisadi inkişaf varsa, deməli, prezidentin fəaliyyəti görünür.





